Səthi çox yerdə plato (Eduards və Lyano-Estakado) və dənizyanı ovalıqdır. İqlimi cənub-şərqdə isti, subtropik, qərbdə kontinentaldır. İri çayları: Red-River, Triniti, Brazos, Kolorado, Rio-Qrande. Texas sənaye-aqrar ştatıdır. Neft, təbii qaz çıxarılır. Əsas dəniz portları: Hyuston, Bomont, Port-Artur, Korpus-Kristi. Avropalılardan Texas ərazisinə ilk dəfə ispanlar soxulmuşlar (16 əsrin 1-ci yarısı). 17 əsrdən Yeni İspaniya müstəmləkəsinin, 1821 ildən isə Meksikanın tərkibinə daxil idi. 1836 ildə Texas ABŞ-ın himayədarlığı altında müstəqil respublika elan edilmişdir. Texasın 1845 ildə ABŞ tərəfindən ilhaq edilməsi Amerika-Meksika müharibəsinə (1846-48) səbəb oldu. ABŞ-da Vətəndaş müharibəsi dövründə Texas Konfederasiyanın tərkibinə daxil idi.